DEKANSTRUKSİYA, YOXSA ƏDƏBİ OĞURLUQ

Eyvaz Taha

Ədəbi mətnləri dekonstruksiya etmək postmodern estetik istehsalın başlıca elementləırindəndir. Lakin burda daha çox ədəbi oğurluğun avangard adı olan "İatibas" fənninə tpxunmaq istəyirəm.

Sırf iqtibas, postmodernist bir üslub deyil. Onu modernizm dönəmində yazılmış bir çox əsərlərdə də görürük. İqtibas [quotation], bir sözü ya fikri başqasından götürüb mənimsəmək deməkdir, ancaq burda iqtibas deyərkən mövcud mətnlərə ironik və məzhəkəli qayıdış tərzini nəzərdə tuturam. Əlbəttə, iqtibasın gərəkli olduğu barədə arqumentin özü də məzhəkəlidir. Fredrik Ceymson'a görə, «çağdaş dönəmin yazarlar və sənətçiləri, daha yeni üslublar, maraqlı çevrələr yarada bilməyəcəklər. Çünki bu haqda məhdud olan kompozisiyaların imkanı tükənməz deyil və bunların ən misilsizi belə keçmişdə digər yazıçıların zehnindən yan keçməyib». Belə bir durumda istər-istəməz yazıçılar iqtibas edəcək, daha doğrusu, ədəbi oğurluq adlanan məsələyə üz gətirəcəklər.

Məncə, belə gülünc iddia "sonluq" ideyalarından doğur. Sanki Fukuyama tarixin sonu barədə danışır, Daniel Bell ideologiyanın sonunu öndən görür, Rolan Bart isə yazarın ölümünü vurğulayır. Baxmayaraq ki, Ceymson'un söylədikləri praktiki olaraq baş verir. Belə ki, bəzi yazıçıların elmi-fantastik romanlara qayıtması ilə Jul Vern yenidən dirçəlir. Stanislav Lem özünün "Solaris" (1961) romanında, İtalo Kalvino isə "Kosmik komediya" (1965) başlıqlı əsərində fantastik fəzalar yaradırlar. Bəziləri də detektiv romanlara dönürlər: Umberto Eko'nun "Qızılgülün adı" (1984) və ingilis yazıçı Peter Akroyd'un "Hawksmoor" romanı bunların ən oxunaqlısı, ən maraqlısıdır.

Söz yox ki, iqtibas məsələsi özünün geniş izahını tarixi romanlarda tapır. Lakin klassik romanlardan fərqli olaraq indiki təhkiyə əsərləri zamanla dəcilliklə davranırlar. Zaman baxımından klassik romanların tarixi olaylara yanaşmasında iki özəllik gözə çarpırdı: Birincisi, düz bir xətt üzrə irəliləməsi, hadisələrin zaman tərtibinə riayət edilməsi, ikincisi isə olayların olduğu kimi, baş verdiyi biçimdə canlandırılması. Ənənəvi tarixi romanlarda fabula [plot] zaman tərtibi ilə qabağa gedirdi.

18-19-cu əsrlərin romanlarına baxın, bir də 20-ci əsrin realist romanlarına. Bunlarda "xəyal", hadisələrin ana cizgisində deyil, uc-bucağında hərlənirdi. Demək, xəyalın əsas hadisənin qaranlıq sahələrini işıqlandırmaqdan və ona təfərrüat artırmaqdan başqa bir işi yox idi. Elə məhz bu baxışa görə idi ki, bir zamanlar kino filmləri, özəlliklə Hollivudun tarixi romanlardan iqtibas edərək çəkdiyi filmlər barəsində mübahisələr gedirdi. «Filmin filan sekasında təhrifə yol verilib», bununla da yönətmənin alnına bacarıqsızlıq damğası qonurdu.

Lakin çağdaş romanda bunların hər ikisi qırağa atılır və əsər əsasən tarixi gerçəklikləri təhrif və zaman anlayışını darmadağın etmək üçün qələmə alınır. Bunun adını istər modern qoyaq, istərsə də postmodern, belə bir romanlarda xüsusilə ikinci özəllik bununla səciyyələnir ki, tarixin qavramını dartışma və münaqişə mövzusuna çevirir, hətta daha irəli gedərək tarixi yenidən yaradır. Sanki tarixçi bilməyərəkdən tarixi təhrif edir, razılaşmadığı olayları bilərəkdən qələmdən salır. Məsələn ingilis yazıçı Graham Svift "Su basmış bölgə" (1983) başlıqlı romanında Fransa inqilabını tarixi təhrifə uğradır. Tom Krik adlı bir müəllim Fransa inqilabının tarixini öz şəxsi xatirələri və ailəsinin keçmişi barədə şişirdilmiş iddialarla qarışdırır, beləliklə də, tarix və təxəyyülün sınırlarını aradan qaldırır.

Bu üslub təccüb doğurmamalıdır. Çünki həqiqət varsa, tarix həqiqətin bir üzüdür, roman isə o biri üzü. "Tarixi-Təbəri" və "Kamilül Əsir"i adlı əsərləri yazmış tarixçilər xilafət düşərgəsində dayanır, xəlifənin bəyəndiyi əxlaqi və dini ölçülərlə Babəki dəyərləndirirlər. Səid Nəfisi və Ənvər Məmmədxanlı isə Babəkin düşərgəsində dayanaraq keçmişə tam ayrı bucaqdan baxırlar.

Amma çağdaş (özəlliklə postmodernist) romançı söylədiyimiz baxış mənzərələrini pozur, gözlərini bərəldərək hadisələrə zillənmədən, kefi çəkən kimi ağı-qaranı yazır, hərdən çay içir, hərdən gözünün acısını alır, hərdən sərxoş rejissor kimi səhnə arxasını dolaşır, hərdən də dırnağını tutur və əlbəttə, yazır.

Adı çəkilən xüsusiyyəti gücləndirmək üçün hər bir yazarın əlində yararlı və kəskin bir arac vardır.  Məsələn ingilis yazıçı B.S.Conson'un (1933-1973) "Bədbəxt" [unlucky] başlıqlı romanı bir qutuda satılır. Romanın səhifələnmiş fəsillərini tərtibləmək gedişinə oxucu özü qatılır və ürəyincə olan tərtibi yaradır.